Şoran  torpaqlar və onların bitkilərə təsiri

06.04.2022 4:00
4492
Şoran  torpaqlar və onların bitkilərə təsiri

Fermerlərin maarifləndirilməsi məqsədilə Dövlət Toxum Fondu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı tövsiyyələr

Profilində bitkilər üçün toksiki miqdarda asan həll olan duzların toplandığı torpaqlar şorlaşmış torpaqlar adlanır. Şorlaşmanın kimyəvi xassəsindən asılı olaraq torpağın üst horizontunda duzların miqdarı 0,6-0,7 və 2-3% və ya daha çox olur.

Yayılması: Şoran torpaqlar Azərbaycanın düzənlik rayonlarında quru bozqır və səhra-bozqır zonasında daha geniş yayılıb. Belə torpaqlar respublika ərazisinin 1,3-1,5%-ni əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron yarımadasının suvarılan zonalarında bu torpaqlar daha geniş yayılıblar.

Şoranlaşma səbəblərinə görə topraq qrupları:

Xloridli şoranlar. Bu torpaqlarda xlor ionunun miqdarı (quru qalıqda xlorun faizlə miqdarı) 40%-dən çox olur. Xloridli şoranlar Muğan düzündə, cənub-şərqi Şirvanda, Abşeron yarımadasında, Siyəzən-Sumqayıt massivində və s. geniş yayılmışdır. 

Sulfatlı  şoranlar. Sulfat ionu üstünlük təşkil edən torpaqlardır və ümumi duzların 40%-dən çoxunu natrium-sulfat duzu təşkil edir. Cənubi Muğanda, Şirvan və Qarabağ düzlərində və s. geniş yayılmışdır. 

Sodalı şoranlar. Bu növ şorlaşmış torpaqlarda əsasən natrium-karbonat və bikarbonat duzları üstünlük təşkil edir. Qarabağ düzünün mərkəzi və Naxçıvan MR-nın Araz sahili hissələrində təsadüf olunur.

Qarışıq şoranlar: Bu şoranlarda xlorlu-sulfatlı, sodalı-sulfatlı, sulfatlı-sodalı və s. kimi duzların qarışığı əsas yer tutur və yayılmasına görə digərlərindən daha geniş ərazilərdə yayılmışdır. Bu ərazilər Kur Araz ovalığı əsasən də mərkəzi Aran zonası  (Kürdəmir, Yevlax, Ucar, Ağdaş, Zərdab) hesab olunur.

Fromalaşması: Torpaqda duzların əsas mənbələrindən biri səthə yaxın yerləşmiş minerallaşmış qrunt sularıdır. Lakin vulkan püskürməsi və quru iqlim şəraitində bitki qalıqlarının aerob şəraitdə parçalanması nəticəsində torpaqda böyük miqdarda asan həll olan duzlar toplanır. Quru iqlimin hakim olduğu rayonlarda, xüsusən də səhra və yarımsəhra vilayətlərində buxarlanmanın düşən yağıntılardan bir neçə dəfə yüksək olması qrunt sularında və torpaqəmələgətirən süxurlarda duzların toplanması üçün əlverişli şərait yaradır. Məhz bu rayonlarda şoranlaşmış torpaqların böyük hissəsi yayılmışdır.

Şorlaşmış torpaqların ekoloji qiymətləndirilməsi: Qiymətləndirmədə “bioloji duzadavamlılıq” və “aqronomik duzadavamlılıq” anlayışlarından istifadə edirlər. Bioloji duzadavamlılıq – məhsulvermə qabiliyyətini saxlamaqla bitkinin şorlaşmış torpaqlarda tam fərdi inkişaf tsiklini həyata keçirmək qabiliyyətidir. Bu zaman üzvi maddənin bitkidə toplanması aşağı intensivliklə baş verir. Aqronomik duzadavamlılıq – kənd təsərrüfatının tələblərinə uyğun olaraq yüksək məhsulvermə qabiliyyətini saxlamaqla bitkinin şorlaşmış torpaqlarda tam fərdi inkişaf tsiklini həyata keşirmək qabiliyyətidir. Kənd təsərrüfatı və yem bitkiləri duzadavamlılığına görə fərqlənirlər. Aparılmış tədqiqatlar nəticəsində kənd təsərrüfatı bitkiləri duzadavamlılığına görə üç qrupa bölünmüşdür.

Davamsız – lobya, yonca, turp, kərəviz, alma, armud, portağal, qreyfrut, gavalı, badam, ərik, şaftalı, limon, avakado və s.

Orta davamlı – çovdar, buğda, soya, qarğıdalı, düyü, kətan, günəbaxan, pomidor, kələm, kartof, istiot, yer kökü, soğan, noxud, və s.

Davamlı – arpa, şəkər çuğunduru, pambıq, ispanaq, gülançar, xurma palması və s.

Şoranlaşmaya qarşı zəruri tədbirlər : şorlaşmanın qarşısının alınması üçün becərilən bitkilərin vegetasiya müddətində suvarma normasını, sayını və müddətini gözləmək, işlənmiş suyun vaxtında sahədən kənarlaşdırılması vasitəsilə əldə edilir. Suyun kapilyarlarla qalxmasının qarşısını almaqdan ötrü torpağın üst horizontları yumşaq vəziyyətdə saxlanmalıdır. Qrunt sularının qalxmasının qarşısını alan tədbir kimi suvarma kanalları boyunca ağac bitkilərinin əkilməsinin əhəmiyyəti böyükdür. Ağac bitkiləri transpirasiyaya böyük miqdarda su sərf edərək qrunt suyunun səviyyəsini aşağı salır və suyun torpaq vasitəsilə buxarlanmasını azaldır və bununla da torpaqların şorlaşmasının qarşısını alır.