Siçanabənzər gəmiricilər məməlilər sinfinin gəmiricilər dəstəsinə (Rodentia) mənsub olub, müxtəlif qidalarla qidalanan zərərvericilərdir. Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı bitkilərinə daha çox zərər vuran boz siçanlar cinsi (Microtus) nümayəndələri adi və ictimai çöl siçanlarıdır. Adi çöl siçanı il ərzində 7-10 nəsil və hər dəfə də, orta hesabla, 5 (maksimum 15) bala verir. İctimai çöl siçanı isə bütün il ərzində 3-5 nəsil (hər dəfə 1-8 bala) verir. Əlverişli şəraitdə 1 siçan cütlüyü çoxalaraq, 8-9 nəslin inkişafı dövründə sayını 1220-3050 çatdıra bilir. May-iyun aylarında payızlıq taxıl əkinlərinin bir hektarında adi çöl siçanının 100 koloniyasının (400-500 işlək yuva) olması 7%, 1000 koloniya isə 65-75% məhsul itkisinə səbəb olur.
Siçanabənzər gəmiricinin populyasiyasının inkişafında, əsasən dörd mərhələ müşahidə olunur: depresiya - (ən az saya malik mərhələ), çoxalma mərhələsi , yayılma mərhələsi - (yeni ərazilərə yayılır) və pik mərhələsi - (ziyanvericinin ən çox saya malik olma dövrü). Çöl siçanları qarsız güclü şaxtalara və bədənin islanmasına çox həssasdırlar. Gəmiricilərin miqdarının müəyyənləşdirilməsi aparılacaq mübarizə tədbirlərinin həcminin proqnozlaşdırılmasında, eləcə də vaxtında və səmərəli mübarizənin aparılmasında vacib şərtlərdəndir. Əkinlərdə siçanların sıxlığı hektarda aşkar olunan işlək yuvaların sayına görə müəyyənləşdirilir. İşlək yuvalar yaxşı təmizlənmiş, ətrafında çeynənmiş bitki qalıqları və gəmiricinin ekskrementi (tullantı) olması ilə yaşayış olmayan yuvalardan fərqlənirlər.
Mübarizə tədbirləri: Mübarizə sistemində aqrotexniki, bioloji və kimyəvi mübarizə üsullarına aid səmərəli tədbirlərdən geniş istifadə edilir.
Mexaniki mübarizə tədbirləri:
Mexaniki mübarizə tədbiri kimi siçanların tutulmasında torbalardan, səthi yapışqanlı və adi mexaniki tələlərdən istifadə olunur.
Fiziki mübarizə tədbirləri:
Son dövrlərdə səmərəli üsul kimi sicanabənzər gəmiriciləri qorxudub qaçıran müvafiq tezliyə malik ultrasəslərin tətbiqi diqqəti cəlb edir.
Aqrotexniki mübarizə tədbirləri:
Gəmiricinin yaşayış yerində ekoloji şəraiti əlverişsiz hala salmaq (yuva və sığınacaq yerlərini dağıtmaq, yem bazasını məhdudlaşdırmaq, xəstəliklərə səbəb olacaq suvarma aparmaq və s.) və mexaniki olaraq siçanları məhv etmək məqsədi ilə aşağıda qeyd olunan aqrotexniki mübarizə tədbirləri müvafiq ardıcıllıqla tətbiq edilməlidir: Güclü sirayətlənmiş sahənin qara herik şəklində dincə qoyulması; Xam yerlərin və dincə qoyulmuş torpaqların şumlanması və suvarılması; Sahə, yol və arx kənarlarının müntəzəm olaraq alaqlardan təmizlənməsi və bellənməsi; Tarlaların kimyəvi və mexaniki üsullarla alaqlardan təmizlənməsi; Payızlıq taxılların gövşənli sələflərdən sonra əkilməməsi; Taxılların vaxtında biçilib, itkisiz toplanması, saman topalarının sahədə saxlanmaması; Yığımdan sonra gövşənliyin üzlənməsi, əsas şumun erkən aparılması; Cərgəarası becərilən bitkilərdə kultivasiyaların və payızda dərin şumun aparılması; Payızda cavan ağac və tinglərin gövdələrinin qamış, tol və küknarın yarpaqlı budaqları ilə sarınması; Dondurma suyunun verilməsi.
Bioloji mübarizə tədbirləri:
İlin isti vaxtlarında bioloji preparatlardan aldadıcı yemlər hazırlanaraq, istifadə olunur. Fermalara, yaşayış məskənlərinə və quşların toplaşma yerlərinə yaxın əkinlərdə belə yemlərdən istifadə etmək olur. Aldadıcı yem hazırlamaq üçün 5170 N°-li Proxorov bakteriyasından və İsaçenko bakteriyasindan (Salmonella enterilitis var. Issatschenko, ştamm 29/1) istifadə edilir. 5170 N°-li Proxorov bakteriyasınin daha virulent olduğu və xəstəliyin inkubasiya dövrünün daha fəal keçirməsi qeyd olunur. İsaçenko bakteriyasi (Salmonella enterilitis var. İssatschenko, ştamm 29/1) siçanlarda spesifik tif (siçan tifi) xəstəliyi törədərək, 4-15 günə ölümə səbəb olur. Bu bakteriya əsasında Baktorodensid biopreparatı istehsal olunur. Preparatın 1 qramında 1-3 mlrd, spor olur. Buğa verilmiş buğdanı Baktorodensidlə qarışdırmaqla aldadıcı yem hazırlanır və yemin hektara məsarif norması 1-3 kq-dır. Çöl siçanınin hər işlək yuvasına 5 qram aldadıcı yem qoyulur. Preparata rezistentlik yaramır. Baktorodensidin tətbiqi, xəstəliyin digər fərdlərə ötürülməsi hesabına, 80-98% bioloji səmərənin, kimyəvi rodentisidlərlə müqayisədə 3-4 dəfə yüksək iqtisadi səmərənin əldə olunmasını təmin edir. Bakterial aldadıcı yemləri payızda tətbiq etmək daha məqsədəuyğundur.
Kimyəvi mübarizə tədbirləri:
Həyata keçirilən digər tədbirlərə rəğmən siçanabənzər gəmiricilərin sayı iqtisadi ziyanvermə həddini keçdikdə və yeni ərazilərə yayılma təhlükəsi olduqda kimyəvi mübarizə üsulundan istifadə edilir. Son illərdə gəmiricilərə qarşı mübarizə məqsədi ilə Respublikamızda, əsasən sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanaraq, mübarizə aparılır. Gəmiricinin mədəsinə düşən sink-fosfid (Zn3P2) xlorid turşusu ilə reaksiyaya girərək fosfin (PH3) ayrılmasına səbəb olur. Fosfin qazı qana və beyinə daxil olaraq, tənəffüs sisteminə təsir edir, siçanın məhvini şərtləndirir. Sink-fosfid havadakı rütubətlə və su ilə təmasda olduqda hidrolizə uğrayaraq, fosfin ayrılmasına və preparatın keyfiyyətinin pisləşməsinə səbəb olur. Preparatın bu xüsusiyyəti saxlanma və tətbiq zamanı nəzərə alınmalıdır.
Sink-fosfid əsaslı aldadıcı yemin 1 kiloqramını hazırlamaq üçün 950 qram buğda dəni, 25 qram (2,5%) sink-fosfid və bir xörək qaşığı (25 ml) günəbaxan yağı (2,5%) götürməyi tövsiyə edir. Yağ dənin üzərinə tökülərək qarışdırılır, daha sonra preparat əlavə edilir və onun dənlərdə bərabər paylanmasınadək qarışdırma davam etdirilir. Bir çox elmi-tətbiqi tövsiyələrdə çöl siçanları əleyhinə bioloji səmərəliliyi artırmaq məqsədi ilə, yemə qarışdırılan sink-fosfidin miqdarını 5-10%-ə və yağın miqdarını isə 3%-dək qaldırmaq məqsədəuyğun hesab edilir.
Hazırlanmış aldadıcı yem bir dəfəlik istifadə edilən kisələrə yığılır, sahəyə daşınır. Hər işlək yuvaya 3 qram (0,5 çay qaşığı), aldadıcı yem (75 buğda dəni) qoyulur. Tutumu bu qədər olan qamış, plastik, tol və bu kimi uyğunlaşdırılmış vasitələrdən yem porsiyalarının qoyuluşunda istifadə etmək olar. Siçan fərdinin letal dozanı (LDso) qida ilə alması üçün qeyd olunmuş qayda ilə hazırlanmış aldadıcı yemdən 0,15 qram (5 zəhərli dən) yeməsi kifayətdir. Gəmiricinin populyasiya sıxlığından və əkilən bitkidən asılı olaraq, hektara 0,1- 3,0 kq aldadıcı yem və müvafiq olaraq 2,5-75 q sink-fosfid preparatı məsarif olunur.
Aldadıcı yemin, imkan daxilində, işlək yuvada daha dərinə qoyulması yaxşı olardı. Yem qoyulduqdan sonra yağışdan və quşlar tərəfindən yeyilmədən mühafizə məqsədilə yuvanın torpaqla örtülməsi tövsiyə olunur. Kiçik sahələrdə və yaşayış yerlərinə yaxın əkinlərdə digər heyvanları zəhərlənməkdən qorumaq məqsədi ilə aldadıcı yemi kağız paket daxilində yuvaya yerləşdirmək və ya yan divarında 40-50 mm deşiyi olan xüsusi yeşiklərdə yuvalara yaxın qoymaq olar.
