Taxıl  böcəyi

28.02.2022 5:49
1412
Taxıl  böcəyi

Fermerlərin maarifləndirilməsi məqsədilə Dövlət Toxum Fondu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı tövsiyyələr

 

Ümumi məlumat: Dənli bitkilərinə zərər vuran taxıl böcəyi (Zabrus tenebrioides Goeze) növünün Azərbaycanda adi zaqafqaziya taxıl böcəyi (Z. tenebrioides ssp elongatus Men.), böyük taxıl böcəyi (Zabrus spinipes Fabr), dağ taxıl böcəyi (Z. spinipes ssp rugosus Men.) və cənub taxıl böcəyi (Z. morio Men.) yarımnövləri yayılmışdır. Bu böcəklərin xarici görünüşü, həyat tərzi və bitkiyə vurduqları zədələr oxşardır, lakin geniş yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə adi zaqafqaziya taxıl böcəyi durur. Zərərverici 20%-30%, bəzən 70%-80% məhsul itkisinə səbəb ola bilir. 


Qidalandığı bitkilər: Buğda, arpa, çovdar, vələmir və qarğıdalı əkinlərinə ciddi zərər vurur, həmçinin yabanı dənli taxıl bitkiləri ilə qidalanır. Azərbaycanda taxıl böcəyi dəmyə şəraitdə becərilən əkinlərə daha çox ziyan vurur.


Yetkin fərdlər: Yetkin taxıl böcəyinin uzunluğu 14-16 mm olub, adətən metal parıltılı qara rəngdədir. Başı və döş buğumları tünd qonur rəngdədir. May ayının əvvəllərindən başlayaraq sonuna qədər ardıcıl olaraq aran, dağətəyi və dağlıq ərazilərdə cavan böcəklərə təsadüf edilir. Günəş batdıqdan sonra böcəklər gizləndikləri yerdən çıxır və sünbül pulcuqlarını gəmirərək dolmaqda olan dənlərlə qidalanır.  Böcəklər iyulun ikinci yarısından etibarən torpağın 25-30 sm dərinliyinə girərək yay diapauzasına gedir. Onlar yay diapauzasından çıxdıqdan sonra cütləşir, yumurta qoymağa başlayır və il ərzində 1 nəsil verir. Dişi fərdlərin yumurta qoymaları avqust ayının sonu və ya sentyabr ayının əvvəllərindən başlayaraq oktyabrın ikinci ongünlüyünə qədər davam edir. Yumurtaları torpağın nəmliyindən asılı olaraq 7-10 sm dərinliyə qoyur, hər komada 10-15, bəzən daha çox yumurta olur. Bir dişi fərd 60-90, əlverişli şərait olduqda isə 200-dən artıq yumurta qoya bilir. Torpağın nəmliyindən və temperaturundan asılı olaraq zərərvericinin embrional inkişafı 12-15 gün davam edir. Yumurtaların formalaşması və qoyulması dövründə (iyul-sentyabr) yağıntıların miqdarı çox olduqda zərərvericinin miqdarı artır, yağıntılar az olduqda isə kəskin surətdə azalır.


Sürfələri: Adi Zaqafqaziya taxıl böcəyinin sürfələri torpaqda kifayət qədər nəmlik olduqda  yumurtalardan daha tez çıxır və çirkli ağ rəngdə olurlar. Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-dən, aran rayonlarında isə sentyabrın 15- dən etibarən təsadüf edilir. Sürfələr torpaqda düzəltdikləri yuvalarda yaşıyır və günəş batdıqdan sonra yer üzərinə çıxaraq taxıl cücərtilərinin yarpaqları ilə qidalanmağa başlayır. Onlar bəzən yarpaqların uclarını yuvalara dartaraq gündüzlər də qidalanır. Qidalanmadan və ətraf mühit amillərinin təsirindən asılı olaraq birinci yaş sürfələri 35-40, ikinci yaş sürfələri 95-100, üçüncü yaş sürfələri isə 55-80 gün ərzində inkişaf edir. Azərbaycanda sürfələr bütün yaşlarda qışlamaya gedə bilir və yazda gündəlik orta temperatur 7-8°C-ə çatdıqdan sonra inkişafını başa çatdırmamış sürfələr yenidən qidalanmağa başlayır. Aprelin ikinci ongünlüyündən etibarən sürfələr puplaşmağa başlayır (kütləvi mayın əvvəlindən) və 13 -19 gün davam edir. 


Mübarizə tədbirləri: Aqrotexniki  və Kimyəvi üsullarla aparılır. 


Aqrotexniki mübarizə tədbirləri: Zərərverici yayılmış sahədə taxıl qısa müddətdə biçilib yığılmalı və itkiyə yol verilməməlidir; zərərverici ilə sirayətlənmiş sahənin taxılı biçildikdən sonra küləş tamamilə yığılmalı və ön kotancıqlı kotanla 25-30 sm dərinliyində şum aparılmalıdır; eyni sahədə 3-4 il ardıcıl olaraq taxıl əkildikdə taxıl böcəyinin kütləvi artması müşahidə edilir, bu amil nəzərə alınaraq sirayətlənmiş sahələrdə mütləq növbəli əkin tətbiq edilməlidir; şum altına fosforlu gübrələrin verilməsi və bitkilərin normal inkişafı üçün digər gübrələrdən istifadə edilməsi məsləhətdir;  topağın qara herikdə qalması zərərvericinin miqdarının kifayət qədər azalmasına səbəb olur; Taxıl böcəyi təsadüf olunan sahələrdə birillik paxlalı bitkilərin əkilməsi məsləhət görülür. Kimyəvi mübarizə tədbirləri: Zərərvericiyə qarşı mübarizənin iqtisadi cəhətdən səmərəliliyini artırmaq üçün dərmanlamanı adi taxıl əkinlərində 1 m2 də 1,6-2,2 sürfəyə, toxumluq taxıl əkinlərində isə 0,8-1,0 sürfəyə bərabər olanda aparılmalıdır. Bununla yanaşı toxum materialının əkindən qabaq aşağıda qeyd olunan tərkibli preparatlarla işlənməsi toxumların  xəstəlik və zərərvericilərdən uzun müddət ( çıxış alınana qədər) mühafizə edir:


•    Tebukonazol 60 qr/l (0.5 l/ton) +  % 70 imidacloprid (2.0 kq/ton)


•    Difenoconazole (7.73%) + Mefenoxam 1.93% (1,0 l/ton) + xlorpirifos etil 250 qr/kq  (2-4 kq/ton) 
Sahədə yetkin fərdlərə və sürfələrə qarşı aşağıda göstərilən  tərkibdə   insektisidlərdən istifadəsi yaxşı səmərə verir:


•    Sipermetrin(250 qr/l) tərkibli 0,3 l/ha məsarif normasında 


•     Imidakloprid (150 qr/l) + lyambda-siqalotrin (50 qr/l) tərkibli 0,08-0,1 l/ha məsarif normasında 
 

Sürfələrə qarşı cücərtilərin çilənməsi zamanı hektara 100-200 litir, vegetasiyanın digər mərhələlərində yetkin böcəklərə qarşı mübarizə aparıldıqda isə 200-400 litr işçi məhlul sərf olunmalıdır. Tətbiq olunan insektisidlərə qarşı taxıl böcəyində davamlılıq yaranmaması üçün preparatlar mütləq qaydada növbələşdirilməlidirlər (qrup və təsiredici maddələr üzrə).

Qeyd:  Mübarizə tədbirləri aparan zaman qonşu sahələrdə də eyni zamanda aparılmalıdır əks tədqirdə həmən  sahələrdən böcəklər dərmanlanmış sahəyə təkrar girə bilər.