Bitkilərdə qeyri-infeksion xəstəliklər

31.03.2022 3:35
4192
Bitkilərdə qeyri-infeksion xəstəliklər

Fermerlərin maarifləndirilməsi məqsədilə Dövlət Toxum Fondu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı tövsiyyələr

Ümumi məlumat: Bitkilərdə fizioloji proseslərin pozulması, deformasiya, yanma, soluxma, quruma, müxtəlif ləkələrin, örtüklərin əmələ gəlməsi və başqa əlamətlərlə müşayiət olunan hər hansı bir qeyri-normal inkişaf xəstəliklərə aid edilir. Xəstəliklər qeyri-infeksion və infeksion mənşəli olmaqla 2 qrupa bölünür. Bitkilərin normal inkişaf şəraitinin pozulmasından, ətraf mühitin və iqlim amillərinin təsirindən ortaya çıxan xəstəliklər qeyri-infeksion xəstəliklər adlanır.

Xarakteristikası: Torpaqda bitkinin qida elementlərinin çatışmazlığından və yaxud həddindən artıq olması səbəbindən müxtəlif xəstəliklər əmələ gəlir. Bitki normal qidalanmadıqda zəifləyir, davamlılığı azalır. Belə bitkilər mikroorqanizmlər və zərərvericilərlə daha tez sirayətlənir.Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün onu törədən səbəb aşkar edilməlidir. Xəstəliyin səbəbini aşkar etmək üçün bitkilərdə olan anormal əlamətlər aşkarlanmalı və sağlam bitki ilə olan hər bir fərq müqayisə edilməlidir.

Qeyri-infeksion xəstəlikləri mənşəyinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Qida çatışmazlığı və ya artıqlığından yaranan xəstəliklər;
  2. Ətraf mühitin təsirindən baş verən xəstəliklər;
  3. Mexaniki zədələnmələr;
  4. Pestisidlərin, mineral, üzvi gübrələrin səhv tətbiqi nəticəsində yaranan yanıqlar, xloroz və s.;
  5. Sənaye tullantılarının, radiaktiv çirklənmənin və başqa səbəblərin təsirindən meydana gələn xəstəliklər;

Xəstəliklərin yaranmasında torpaq-iqlim şəraitinin rolu:

Mədəni və yabanı bitkilərdə müxtəlif qeyri-infeksion xəstəliklərin meydana gəlməsinin səbəblərindən biri torpaq-iqlim şəraitidir. Belə ki, aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki, torpağın aqrokimyəvi tərkibində, suvarma suyunda olan müxtəlif ionların miqdarının az və ya çox olması meyvə, tərəvəz və başqa kənd təsərrüfatı bitkilərində müxtəlif əlamətlərlə müşayiət olunur. Bunlarla yanaşı torpaq-iqlim amillərinin mənfi təsirləri nəticəsində bitkilərdə fizioloji proseslərinin pozulması, termiki yanıqlar, qurumalar, soluxmalar və başqa əlamətlərlə müşahidə olunan qeyri-infeksion xəstəliklər meydana gəlir. Məsələn, Abşeronda təbii su mənbələri həddən artıq az olduğundan şirin su çatışmazlığı həmişə hiss olunur. Müxtəlif bölgələrdə qrunt sularında olan elementlərin ion tərkibi müxtəlifdir. Hətta 0,5-1 km arası olan quyularda ion tərkibində kəskin fərqlər müşahidə edilir.

Aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki, Abşeron yarımadasının, Maştağa qəsəbəsi ərazisində qrunt suyunun tərkibində Ca 2+, Mg 2+ , Ba2+, S2- ionları üstünlük təşkil edirsə, ondan 1,5-2 km aralıda yerləşən Albalılıq ərazisindəki sularda Fe2+, K+ , Na+ , Cl- ionları çoxluq təşkil edir. Suvarma suyunun belə müxtəlif tərkibli olması nəticəsində eyni meyvə və dekorativ bitkilər üzərində bir-birindən tamamilə fərqlənən müxtəlif əlamətli xəstəliklər müşahidə edilir. Bölgədə badam, ərik, albalı, şaftalı, gavalı ağaclarında kitrənin (şirə) axması, bitkilərdə boy və inkişafın dayanması, təpə tumurcuqlarının quruması müşahidə olunur. Belə bitkilərin analizləri göstərir ki, suvarmada istifadə olunan suyun tərkibində Fe2+, Ca2+, Mg2+ ionları normadan artıqdır. Bu isə mis ionlarının qıtlığına səbəb olur. Beləliklə, göbələklərə öldürücü təsir göstərən mis ionlarının az olması, immunitetin artmasına kömək edən askarbinoksidaza, polifenoloksidaza fermentlərinin miqdarının aşağı düşməsinə səbəb olur. Buna görə də, bitkilər müxtəlif göbələk və bakteriyalarla asanlıqla sirayətlənir. Abşeronda çəyirdəkli meyvələrdə sitosporoz xəstəliyinin geniş yayılmasının səbəblərindən biri də bu hesab edilir.

Çəyirdəkli bitkilərin sitosporozu və ya infeksion quruması: Xəstəliklə bütün çəyirdəkli meyvə bitkiləri, xüsusilə cavan ərik və şaftalı plantasiyaları sirayətlənir, bəzən də xəstəliyin nəticəsində məhv olurlar.

Mübarizə tədbirləri: Profilaktiki tədbirlər bitkilərin sitosporoz xəstəliyinə qarşı davamlılığının yüksəldilməsinə yönəldilməlidir: sortlarn düzgün seçilməsi, bitkilərə düzgün aqrotexniki qulluq, bitkiləri günəş və günəş-şaxta yanıqlarından qorumaq, monilioz, klasterosporioz və başqa xəstəliklərlə yoluxmanın qarşısını almaq, budama zamanı yara yerlərinin yağlanması, rənglənməsi və s., sitosporoz- la yoluxmuş budaq və ağaclar bağdan kənarlaşdırılmalı və məhv edilməlidir. Çəyirdəkli meyvələr becərilən bağlarda profilaktiki mühafizə çiləmələri yazda və payızda 3%-li bordo mayesi ilə aparılır. Bu zaman bitkilər nisbi sükunət fazasında olmalıdır.